Azərbaycan premyer liqasında 26-cı turun son 2 oyunu keçirilib. İlk 4-lük uğrunda yarışan “Qəbələ” öz meydanında 2-ci yeri təmin etmiş “Neftçi” ilə qarşılaşıb. 1-ci hissədə hesab açılmayıb. Matçın taleyini həll edən  yeganə qol 76-cı dəqiqəyə təsadüf edib. İsnik Alimi 11 metrlik zərbədən yararlanaraq “Qəbələ”yə minimal hesablı qələbə qazandırıb. Elmar Baxşıyevin komandası xallarının sayını 41-ə çatdıraraq 4-cü yerə qayıdıb. Əyalət klubu 5-ci sıradakı “Sabah”ı 2 xal qabaqlayır.

“Sumqayıt” uğursuz seriyaya öz meydanında son qoyub. “Kimyaçılar” 15 turdan sonra 3 xala sevinib. “Gənclik şəhəri” təmsilçisi bu mövsüm zəif təsir bağışayan daha bir komanda -  “Şamaxı”dan üstün olub. Əli Qurbani dubl müəllifi olaraq “Sumqayıt”ın qələbəsini təmin edib. Bununla “Sumqayıt” futbolçuları Aleksey Baqanın rəhbərliyi altında ilk dəfə qalib gəliblər.